Sosial Fəaliyyətlər Kitablar İşıq Oldu – “Kitabın İşığın Olsun” Layihəsi Reallaşdı

Kitablar İşıq Oldu – “Kitabın İşığın Olsun” Layihəsi Reallaşdı

12

Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi

Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbində baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, TİKA Bakı Koordinatoru Teoman Tiryaki, T.C. Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Nihat Büyükbaş, Mətbuat Müşaviri Hüseyin Altunalan, məktəbin şagirdləri müəllim heyəti və mətbuat nümayəndələri iştirak edib. Qonaqlar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə yaxından tanış olub və sinif otaqlarını dərs əsnasında ziyarət ediblər. 

Tədbiri giriş sözü ilə açıq elan edən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbinin direktoru İradə Vəzirova brayl əlifbası ilə nəşr edilən kitabların təhsil ocağı üçün gözəl bir ədəbi vəsait olduğunu qeyd edib. Bunun üçün O, Gəncliyə Yardım Fondu başda olmaqla bütün təşkilatçılara öz təşəkkürünü bildirib.

Daha sonra çxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim layihənin əhəmiyyətindən danışıb və xeyriyyə sərgisini təşkil edib əldə etdikləri vəsaiti bu layihə üçün xərcləyən Azərbaycanlı və Türkiyəli xanımların salamlarını uşaqlara çatdırıb. Natiq qeyd edib ki,  “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində 10 adda fərqli uşaq kitabı 3 min uşağa paylanıb, bununla yanaşı görmə məhdudiyyətli uşaqlar da diqqətdən kənar qalmayıb. Eyni kitablar brayl əlifbası ilə Türkiyədə çap edilib, səsləndirilib həm kitab formatında, həm də CD formatında məktəbin kitabxanasına hədiyyə edilib.

Daha sonra çıxış edən T.C. Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Nihat Büyükbaş, Mətbuat Müşaviri Hüseyin Altunalan və TİKA Bakı Koordinatoru Teoman Tiryaki dəyərli gənclərlə birlikdə olduqlarına görə məmnun olduqlarınıı qeyd edib və layihədə zəhməti keçən hər kəsə öz təşəkkürlərini bildiriblər.

Tədbir məktəbin istedadlı şagirdlərinin hazırladıqları şeir və müsiqi programı ilə davam edib. Sonda xatirə şəkili çəkilib və kitablarla tanışlıq olub.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu artıq  16 ildir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətiylə Bakı şəhərində ənənəvi olaraq Xeyriyyə Sərgisi təşkil edir. Bu xeyriyyə sərgiləri bir il boyunca Türkiyə və Azərbaycanlı xanımların çalışmaları nəticəsində hazırlanır.  Sərgidən əldə olunan vəsait isə hər il Azərbaycan xalqının mənafeyinə uyğun olaraq müxtəlif xeyriyyə layihələrinə sərf edilir.

Bu ilki xeyriyyə sərgisindən əldə olunan vəsait isə, Gəncliyə Yardım Fondunun “Sabahlara Ümid Ol”  “Kitabın İşığın Olsun” layihələrinin icrası üçün istifadə olunur. “Sabahlara Ümid Ol” layihəsi çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin uşaqları üçün məktəb ləvazimatları başda olmaqla geyim yardımı edilib. “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində isə görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə ehtiyac duyulan kitablar çap edilib, həmin kitabların səsli variantları hazırlanıb və usaqkitabi.az səsli kitab saytı uşaqların istifadəsinə verilib.