Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşları ilə açıq elan edilib.
Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Yunus Əmrə İnstitutunun Bakı ofisinin direktoru Doç.Dr.Cihan Özdəmir, Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının başqanı Əkbər Qoşalı, T.C. Bakı Böyükelçiliyinin Mədəniyyət Müşaviri İrfan Çiftçi, Milli Məclisin deputatı Qənirə Paşayeva gecədə çıxış edərək öz əsərləri ilə bütün türk dünyasının mədəni inkişafına böyük töhfələr vermiş İmadəddin Nəsiminin həyat və yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, dahi şairin irsi əbədiyaşardır, o, türk ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Nəsimi yaradıcılığının qorunub saxlanması və təbliği üçün belə tədbirlərin keçirilməsinin mühümlüyü vurğulanıb.
Sonra tədbir Türkiyə Cümhuriyyəti İbn Haldun Universitetinin Himayəçilər şurasının sədri Prof.Dr. İrfan Gündüzün mövzu ilə əlaqəli maraqlı məruzələri və yenə klassik türk musiqiçisi Endər Doğanın könülləri oxşayan konsert proqramı ilə davam edib.