Bu gün Bakıda keçirilən Dünya Dini Liderlərinin II sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş və rəhbərlik etdiyi nümayəndə heyəti, T.C. Bakı Böyükeliçisi Erkan Özoral, T.C. Bakı Böyükeliçiliyinin Din İşləri müşaviri Zəki Yavuz Yılmaz Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qonaqlar daha sonra fondun binasında gənclər üçün yaradılmış şəraitlə yaxından tanış olublar. On mindən artıq kitabı olan kitabxana, xarici dil kurslarının müasir sinif otaqları və böyük tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı qonaqlara təqdim edilib və iş fəaliyyətləri haqqında məlumat verilib.
Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş də öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.