İnsani Yardım GYF- də Xeyriyyə Layihəsinin Təqdimatı Keçirildi

GYF- də Xeyriyyə Layihəsinin Təqdimatı Keçirildi

5

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı)Filialının birgə təşkilatçılığı ilə Bakıda yaşayan imkansız məcburi köçkünlərin və digər kateqoriyadan olan insanların azyaşlı oğul övladları üçün sünnət mərasimi keçirildi.

Respublika Gəncliyə Yardım Fondunda keçirilən tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, tanınmış jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad edildi.”Gəncliyə Yardım Fondu” nun Prezidenti Ahmet Tecim və bu Fondun vitse-prezidenti Salman Əliyev qonaqları salamladılar. Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Hacı Ədalət Məhərrəmov, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami rayon Filialının sədri Hacı Məhi Mehtiyev, Azərbaycan Tibb Universiteti Rektorunun müşaviri, t.e.d., Prof. Mübariz Allahverdiyev, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik Hikmət Ağayev, məşhur “Forever” Şirkətinin nümayəndəsi Maya Tağıyeva, Şamaxı rayonunda yaşayan Vətən müharibəsi veteranı Hafiz Ədilov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, Bakıdakı Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbin müəllimi Gülşən Hüseynova, həmin Təşkilatın üzvü Qardaşxan Abbaszadə və başqaları çıxış edərək tədbirin mühüm ictimai əhəmiyyətini qeyd etdilər. Şamil müəllim daha sonra Bakının Xətai rayonu ərazisində yerləşən “Medika Hospital” haqqında məlumat verdi. Bildirdi ki, sahibkar Vüqar Tarverdiyevin baş direktor olduğu Klinikanın gözəl ənənələri var və burda xeyriyyə tədbirləri mütəmadi olaraq keçirilir. Şamil Sabiroğlu, zalda əyləşən azyaşlıların sünnət mərasiminin də məhz noyabrın 30-da bu Klinikada baş tutacağını qeyd etdi. Və sözü “Medika Hospital”ın baş direktoru Vüqar Tarverdiyevə verdi.Vüqar müəllim bu xeyirxah addımı alqışladıqlarını bildirdi, eyni zamanda, yuxarıda adları qeyd olunan ictimai təşkilatlarla davamlı əməkdaşlığa hazır olduqlarını bildirdi. Klinikanın Poliklinika şöbəsinin müdiri, şəhid bacısı Məhəbbət Paşayeva bu cür xeyriyyə tədbirlərinin xüsusi əhəmiyyəti haqda məlumat verdi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, aparıcı və müğənni İslam Ələsgərli Vətənə, torpağa həsr edilən mahnıları ifa etdi.

Təşkilatçılar adından Klinikanın baş direktoru Vüqar Tarverdiyevə Xüsusi diplom, azyaşlılara isə qiymətli hədiyyələr təqdim edildi.