Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Gəncliyə Yardım Fondu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval- ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.
Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.
Gəncliyə Yardım Fondu rəhbərliyinin, əməkdaşlarının, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 100 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kompaniyasında 1000-dək müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib.
Qeyd edək ki, mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.