İnsani Yardım GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

14

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq tutan rəsm sərgisi ilə tanış olublar. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunu  bir dəqiqəlik sükutla yad edilərək və iki qardaş dövlətin himn və istiqlal marşlarının səsləndirilməsi ilə açıq elan edilib.

20 Yanvar hadisələrini özündə əks etdirən video-rolik qonaqlara təqdim edilib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn günü deyil, həm də şərəf günü olduğunu vurğulayaraq bu şərəfi yaşayan şəhidlərə rəhmət, ailələrinə səbir diləyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə çıxışında bu günədək 20 Yanvar cinayətini törədənlərin beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmadığına görə təəssüfləndiyini bildirib.

Daha sonar çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günümüzü, gələcəyimizi şəhidlərə borclu olduğumuzu vurğulayıb və 20 yanvar faciəsinin içimizdəki müstəqillik düşüncəsini alovlandırdığını deyib.

Tədbirdə çıxış edən tarixçi Musa Qasımlı da 20 Yanvar hadisələrinin  Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanın Cavadlı çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürünü bildirib.

Kuzey Kıbrıs Türk Cümhuriyyəti Bakı nümayəndəliyinin sədri Ufuk Turganer şəhid ailələrinə səbir diləyib və onların qəhramanlıqlarını yüksək qiymətləndirib.

Milli QHT Formumun prezidenti Rauf Zeyni 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından önəmini vurğulayıb, gənclərin 20 Yanvar faciəsinin dünyaya tanıdılması istiqamətində daha səylə çalışmalı olduqlarını deyib.

Şəhidlər kitabının müəllifi  Rafiq Səməndər 20 Yanvar hadisələrinin şahidi olaraq yaşadığı həqiqətləri qonaqların diqqətinə çatdırıb və kitabın yazılmasından danışıb.

“20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə həmin gecə vətənimizin müstəqilliyi uğurunda həyatlarını qurban verən vətən övladlarının valideyinlərinə belə övladlar yetişdirdiyi üçün təşəkkürünü bildirib.

Bütün tədbir iştirakçılarına 20 Yanvar şəhidlərinə həsr olunmuş və Gəncliyə Yardım Fondunun dəstəyi ilə yenidən nəş rolunan Rafiq Səməndərin Şəhidlər kitabı təqdim edilib.

Ənənəyə sadiq qalaraq bu il də Gəncliyə Yardım Fondu əvvəlcədən “20 Yanvar” İctimai Birliyi tərəfindən təqdim olunmuş siyahılara əsasən 180 şəhid və əlil ailəsinə ərzaq-qida yardımı paylayıb.