İnsani Yardım GYF Əməkdaşları Şəhid İbrahim Vəliyevin Ailəsini Ziyarət Edib

GYF Əməkdaşları Şəhid İbrahim Vəliyevin Ailəsini Ziyarət Edib

1

Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunun ailəsini yaşadıqları Zərdab rayonunda ziyarət edib.

Ziyarət əsnasında İbrahim Vəliyevin anası Rəfiqə xanım, atası Ələmşah bəy və nənəsi Gülöyşə xanımla görüşən fond nümayəndələri belə bir qəhrəman övlad böyüdüb, tərbiyə etdikləri üçün onlara təşəkkür edib və onlara hər zaman dəstək olacaqlarını bildiriblər.

İbrahimin uşaqlıq illərindən etibarən hər zaman öz tərbiyəsi və əxlaqı ilə öz həmyaşıdlarından seçildiyi, vətən sevgisinin isə onun üçün ən ali dəyər olduğu qeyd edilib. Qonaqlar İbrahim Vəliyevin yaşadığı evdə onun  həyat yolunu özündə əks etdirən guşə ilə tanış olublar.

Daha sonra şəhidin ailəsinə Gəncliyə Yardım Fondu tərəfindən hazırlanmış qida paketləri təqdim edilib.   

Qeyd edək ki, Şəhid İbrahim Vəliyevin ailəsi Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində məskunlaşıb. İbrahimin ata babaları mənfur erməni işğalından sonra gözəl Kəlbəcəri tərk etmək məcburiyyətində qalaraq böyük Vətənimizin Şirvan elinə, Zərdaba köç ediblər. Bir milyondan çox qaçqınımız, köçkünümüz kimi, onlar da məhrumiyyyətlərə sinə gəriblər, çətinliklərə dözüblər. Qəlblərində gəzdirdikləri vətən sevgisi, dövlətə bəslədikləri inamla yaşayıblar hər zaman. Bu sevgi, bu inam onları həyata daha möhkəm bağlayıb. Atası Ələmşah kişi burada Zərdablı Rəfiqə xanımla taleyini birləşdirib. İbrahimin yolunu düz doqquz il gözləyiblər…