Gəncliyə Yardım Fondu (GYF) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 min manat məbləğində vəsait köçürüb.
Gəncliyə Yardım Fondu qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayaraq vətəndaşları, o cümlədən fondun bütün əməkdaşlarını koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır. Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.
Qeyd edək ki, Fond bu günlərdə “Biz Birlikdə Güclüyük” şüarı altında Bakı şəhərində yaşayan 65 yaşından yuxarı ehtiyac sahibi böyüklərimizə imkan daxilində qida paketi və təmizlik ləvazimatlarının paylanması işini də həyata keçirəcəkdir.