Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfi tərəfindən ön cəbhədə xidmət edən əsgərlərimizə və müharibədən zərər çəkən ailələrə yardımlar göndərilib.
Əsasən isti alt paltarları, corab və qalın papaqlardan ibarət olan və beş min əsgər üçün nəzərdə tutulan yardım bağlamaları aidiyyatı üzrə təhvil verilib. Müharibədən zərər çəkən ailələr üçün nəzərdə tutulan qida yardım paketləri isə Gəncliyə Yardım Fondu tərəfindən həmin ailələrə yaşadıqları ünvanlarda təqdim ediləcək.
Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.
Eyni zamanda Fond, 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir.
Bir daha Azərbaycanın bu haqq mübarizəsində torpaqlarımızın işğaldan azad edilməsində şirin canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Mübarizəmizin əvvəlindən sonuna qədər qəhrəmanlıq göstərən, Azərbaycan xalqının sevimlisi və qüruru olan Prezidentimiz, Ali başkomandanımız cənab İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırıq.