22 aprel tarixində Gəncliyə Yardım Fondu, Elm-İrfan Akademiyası və İrfan İctimai Fikir Jurnalının birgə təşkilatçılığı ilə “Sözün Sirri” adlı vebinar keçirilib.
Elm-İrfan Akademiyasının bu dəfəki qonağı Türk dünyasının tanınmış şairi Nurullah Genç olub. İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadənin moderatorluğunu ilə keçirilən onlayn görüşdə azərbaycanlı yazıçı və şair Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu Əkbər Qoşalı da iştirak edib. Əkbər Qoşalı şairin Azərbaycanda qazanmış olduğu sevgi və geniş oxucu kütləsini xüsusi olaraq vurğulayıb.
Daha sonra Nurullah Genç “Sözün Sirri” adlı mövzuda çıxış edib. O, mədəniyyətimizdə sözün dəyərindən, şeirin ecazkarlığından, gənc nəsillərin yetişməsində, milli-mənəvi dəyərlərin inkişafında ədəbiyyatın rolundan danışıb.
Həmçinin, şair doqquz il əvvəl Azərbaycana gələrkən qələmə aldığı “Qarabağ” şeirini səsləndirərək ogünkü ümidinin bu gün gerçəkləşdiyi üçün yaşadığı hədsiz sevinci də görüş iştirakçıları ilə bölüşüb. Daha sonra oxucuların sualları Nurullah Genç tərəfindən cavablandırılıb.
Sonda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim təşkilatçılar adından şairə öz minnətdarlığını bildirib və bu kimi proqramların bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında qardaşlıq bağlarını daha da gücləndirdiyini vurğulayıb. 2012-ci ildə Nurullah Gençlə Bakıda baş tutan görüşdə yaşanan yaddaqalan xatirələrini bir daha yad edib. Yaşanan koronavirus bəlasının bir an öncə dünyamızdan uzaq olmasını təmənni edərək dəyərli şairi Azərbaycanda qonaq etmək istədiklərini, işğaldan azad edilən Qarabağ torpaqlarında bu kimi tədbirlərin təşkilatçılığını həyata keçirməkdən qürur duyacağını bildirib.