Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden 24 aprel 2021-ci il tarixində “1915-cil il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisəni “soyqırım” olaraq ifadə etmişdir.
Adı çəkilən “1915-cil il hadisələri”nin heç bir tarixi və hüquqi əsası yoxdur. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırım aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə “ermənilərə qarşı soyqırım”ın tanınması barədə qərar qəbul etməmişdir. Bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Dövlət rəhbərlərinin siyasi maraqlarına uyğun olaraq veriləcək ifadə və qərar deyildir.
Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirmişdir. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olmuşdur. Ancaq həlak olan ermənilərin sayı onların iddia etdiklərindən dəfələrlə azdır. Bu xüsusda Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduqlarını dəfələrlə bildirmiş və gerçəkliyi üzə çıxartmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürmüşdür. Ancaq baş verən hadisənin araşdırılması istiqamətində nə erməni tarixçiləri, nə də onların maraqlarına xidmət edən qurumları tərəfindən hər hansı bir addım atılmışdır.
Co Baydenin saxta soyqırım iddiasını ifadə etməsi “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırım və terror siyasətinə bəraət qazandırmaq cəhdidir. Əgər Co Bayden dünyadakı soyqırım faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı, ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırım zamanı yüzminlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Xüsusən 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırım aktıdır. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil bəşəriyyətə, insanlığa yönəlmiş ən dəhşətli cinayətlərdəndir. 30 ilə yaxındır Ermənistanın aqressiyasının, insanlıq cinayətinin siyasi-hüquqi qiymətinin almaması dünya siyasətinin ikili standartlarla idarə olunmasının təcəssümüdür.
Gəncliyə Yardım Fondu olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı şiddətlə qınayır, ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” regionda sülhü və təhlükəsizliyi açıq şəkildə təhdid edən hal kimi dəyərləndiririk. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk