Gənclərin İnkişaf və Karyera Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gəncliyə Yardım Fondu və Məram Kursların birgə təşkilatçılığı ilə mühasib olmaq istəyən gənclər üçün “Hazır Mühaisb-2!” layihəsi uğurla davam edir. Təlimlər pandemiya ilə əlaqədar olaraq onlayn formada İATM-nin prezidenti Radil Fətullayev və müəllim heyəti tərəfindən həyata keçirilir.
Qeyd edək ki, “Hazır Mühasib” layihəsi mühasibatlıq sahəsi üzrə gənclərin bilik və bacarıqlarının artırılmasına və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn, bu sahə üzrə təhsil alan gəncləri birləşdirən və istiqamətləndirən layihələrdən biridir. Layihə mühasibatlıq sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsini nəzərdə tutur.
Layihə çərçivəsində Bakı və regionlardan olan tələbələr (bakalavr, magistratura, kollec), məzunlar, iş axtaran və karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən gənclərə “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” mövzusunda təlim proqramları həyata keçirilir. Təlim proqramını uğurla başa vuran gənclər təcrübə proqramlarına yönləndirilir.
Təlimlərin onlayn keçirilməsi Bakı və regiondan olan gənclərin layihədə iştirakına şərait yaradır.
Təlim və təcrübə proqramlarının sonunda layihənin bağlanış mərasimi keçiriləcək və layihəni uğurla bitirmiş gənclərə sertifikat və hədiyyələr təqdim ediləcək.