İnsani Yardım GYF Masallıda Şəhid Ailələrini Ziyarət Etdi

GYF Masallıda Şəhid Ailələrini Ziyarət Etdi

20

Gəncliyə Yardım Fondunun nümayəndələri, Millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyəti və bir sıra yerli idarəetmə orqanlarının mümayəndələri ilə birlikdə Masallı rayonunda yaşayan I Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Ziyarət əsnasında 65 şəhid ailəsinə fond tərəfindən ərzaq bağlamaları və müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu təqdim edilib. Fond əməkdaşları və qonaqlar əvvəlcə Şanlı Zəfərlə bitən 44 günlük Vətən müharibəsində şəhid olanların mərasimlərində iştirak edib, şəhidlərimizin əziz ruhlarına Qurani-Kərim tilavəti ilə dualar ediblər.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin binasında şəhid ailələri ilə görüş keçirilib. Görüşdə 44 günlük Şanlı Zəfər yolumuzdan, şücaətli Azərbaycan ordusunun gücündən, düşmənə qorxu salmasından və Vətən müharibəsi ilə işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasının milli-mənəvi ruhun yüksəldilməsinə göstərdiyi təsirindən bəhs edilib. Əziz canlarından keçərək vətənimizin bütövlüyü uğrunda döyüşərək şəhid olan məğrur Azərbaycan oğullarının haqlarının ödənilməyəcəyi və daim xatirələrinin əziz tutulacağı vurğulanıb.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir. Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin  ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.