Təhsil Fəaliyyətləri GYF-də Türkiyə-Azərbaycan Qardaşlığına Həsr Olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma Müsabiqəsi Keçirilib

GYF-də Türkiyə-Azərbaycan Qardaşlığına Həsr Olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma Müsabiqəsi Keçirilib

27

25 dekabr 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfras zalında Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkil etdiyi Türkiyə-Azərbaycan Qardaşlığına Həsr Olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.

İki hissədən ibarət olan İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsinin birinci hissəsində iştirakçılar iki qardaş ölkə Azərbaycan və Türkiyənin dahi şairlərinin əsərlərini, həmçinin öz müəllifləri olduqları şeirləri səsləndiriblər. Səsləndirilmə zamanı hər bir iştirakçı münsiflər heyəti tərəfindən Azərbaycan və Türk dilinin qrammatik qaydalarından, bədən dilindən və səs tembrindən düzgün istifadə edilməsini nəzərə alınaraq 1-10 bal arası dəyərləndirilib. Tədbirin ikinci hissəsində isə qaliblər və müsabiqədə fərqlənənlər müəyyən edilərək mükafatlandırılb.

Mükafatlandırma mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Azərbaycan və Türkiyə qardaşlığının hər zaman və hər yerdə öz sözünü deməsini, iki qardaş dövlətin dost münasibətlərinin kökünün qədim tarixə söykəndiyini və bunun ortaq ədəbiyyatda da öz əksini tapdığını bildirib. Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov isə çıxış edərək qeyd edib ki, “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi əvvəllər keçirilən şeir gecələrini xatırladıb, bir anlıq öz tələbəlik illərinə aparıb və bunun üçün iştirakçılara öz təşəkkürü ifadə edib.

Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar müsabiqənin gənclərin potensiallarının üzə çıxarılmasında böyük rolu olduğunu və “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsinin öz məqsədinə çatdığını vurğulayıb. Son olaraq çıxış  edən prezident mükafatçısı, şair Qabil Ədalət isə Gəncliyə Yardım Fonduna müsabiqənin təşkilatçılığı üçün təşəkkür edib və özünün də əvvəllər Gəncliyə Yardım Fondu tərəfindən keçirilən bu kimi müsabiqələrdə iştirak etdiyini, fondun bu sahədə gördüyü işlərin xüsusi və dəyərli olduğunu qeyd edib.

Qeyd edək ki, müsabiqədə Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ruslan Məhərrəmli I Yer, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Kənan Balakişiyev II Yer, Xəzər Universitetinin tələbəsi Sənur Yaqubov III yerə layiq görülüb. Digər müsabiqə iştirakçılarına isə fərqlənmə diplomları, iştirakçı sertifikatları və hədiyyələr təqdim edilib. Tədbirin sonda xatirə fotosu çəkilib.