Kitabxana “Osmanlı Hariciyesi`nin Güney Kafkasya Raporları” Adlı Kitabın Təqdimat Mərasimi Keçirilib

“Osmanlı Hariciyesi`nin Güney Kafkasya Raporları” Adlı Kitabın Təqdimat Mərasimi Keçirilib

65

Gəncliyə Yardım Fondunun əməkdaşları 28 Yanvar 2022-ci il tarixində Bakı Yunus Əmrə İnstitutunda keçirililən və institut tərəfindən Türkiyədə nəşr edilən Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlunun qələmə aldığı “Osmanlı Hariciyesi`nin Güney Kafkasya Raporları” adlı kitabın təqdimatında iştirak ediblər.

Bakı Yunus Əmrə İnstitutunun müdiri  Selçuk Karakılıç müəllif və qonaqları salamlayaraq tədbiri açıq elan edib. Selçuk Karakılıç kitabın Azərbaycan və Türkiyə dövlətləri arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf etməyinə xüsusi diqqət çəkərək Osmanlı arxivlərində aparılan tədqiqatların son dərəcə əhəmiyyətli olduğunu qeyd edib.

Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı isə çıxışından öncə Yunus Əmrə İnstitutu və Dr. Telman Nüsrətoğluna təşəkkür edib. Cənab səfir kitabda təkcə siyasi münasibətlərdən yox, ictimai və məişət həyatı ilə bağlı dəyərli məlumatların yer aldığını qeyd edib.

Daha sonra “Osmanlı Hariciyesi`nin Güney Kafkasya Raporları” kitabının müəllifi Dr. Telman Nüsrətoğlu çıxış edərək bildirib ki, arxiv materialları göstərir ki, Osmanlı dövləti maddi və mənəvi dəstəyini yaxın dövlətlərdən əsirgəməyib və onların taleyi ilə daim maraqlanıb. Müəllif eyni zamanda qeyd edib ki, kitabda yer alan sənədlər müxtəlif mövzularda Osmanlı və Qafqaz əlaqələrinin müəyyən hissəsidir və bu sənədlərin hər biri ayrı tədqiqat mövzusudur.

Tədbirin sonunda kitabın imza mərasimi baş tutub və xatirə fotoları çəkilib.