12 mart 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Bakı İsdedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə filoloq-tərçüməçi Azad Ağaoğlu və Dos. Dr. Mehdi Gəncəlinin təqdimatında “Azərbaycan qəzetində Türkiyə-Azərbaycan münasibətləri” adlı seminar keçirilib. Seminarda elm adamları, tarixçilər və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.
Azad Ağaoğlu və Dos. Dr. Mehdi Gəncəli ADA nəşriyyatı tərəfindən 20 cilddə nəşr olunması planlaşdırılan və hələlik ilk iki cildi işıq üzü görən Azərbaycan qəzəti və qəzetdə yer alan XX əsrin əvvəllərindəki Türkiyə-Azərbaycan əlaqələrinin iqtisadi, siyasi və sosial tərəfləri barədə çıxış ediblər.
Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu çıxış edərək Azərbaycan qəzetinin yenidən toplu halda nəşr edilməsinin müasir Azərbaycan gəncliyi üçün qiymətli əsər, müstəqil Azərbaycan üçün əhəmiyyətli hadisə olduğunu qeyd edib.
Daha sonra Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim dəvəti qəbul edib gəldikləri və belə əhəmiyyətli mövzu barədə gənclərlə öz biliklərini bölüşdürdükləri üçün hər iki qonağa öz dərin təşəkkürünü bildirib.
Tədbirin sonunda xatirə fotosu çəkilib və qonaqlara fond adından hədiyyələr təqdim edilib.