1 avqust 2022-ci il tarixində Hacıkənd Xan Yaylağı II Milli Yaylaq Festivalında iştirak edən Dünya Etnospor Konfederasyonu Təcrübə Mərkəzinin müdiri Furkan Gökgöz bəy Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Furkan Gökgöz Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüb.
Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Furkan bəy də öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib və xatirə fotosu çəkilib.