Etnospor Təcrübə Mərkəzi rəhbəri Furkan Gökgöz və nümayəndə heyəti əvvəlcə Gəncliyə Yardım Fondunu ziyarət edib. Görüş zamanı Fondun prezidenti Ahmet Tecim qonaqlara Gəncliyə Yardım Fondunun xeyriyyə fəaliyyətləri, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri barədə ətraflı məlumat verib. ETM-in rəhbəri Furkan Gökgöz Fondun gördüyü işləri yüksək qiymətləndirib və dərin minnətdarlığını bildirib.
Daha sonra Etnospor Təcrübə Mərkəzinin nümayəndə heyəti Bakı Şəhər Gənclər İdman və Baş İdarəsini ziyarət ediblər. Ziyarət əsnasında Bakı Şəhər Gənclər İdman və Baş İdarəsinin rəisi Raqif Abbasov iki qardaş ölkə – Azərbaycan və Türkiyənin digər sahələrdə olduğu kimi idman sahəsində də birgə fəaliyyətinin geniş əhatədə davam etdiyini və günü-gündən müxtəlif idman növlərində əməkdaşlıqların qurulacağını qeyd edib. Furkan Gökgöz isə öz növbəsində tarixi türk idman növlərinin gənc nəslə aşılanmasının və ötürülməsinin əhəmiyyətini vurğulayıb, hər üç qurumun əməkdaşlığından yaranan fəaliyyətin bu yolda rəhbər olacağını bildirib.
Bundan sonra Bakı şəhər 189 N-li tam orta məktəbdə Gəncliyə Yardım Fondu, Etnospor Təcrübə Mərkəzi və Bakı Şəhər Gənclər İdman və Baş İdarəsi birgə təşkilatçılığı ilə “Ənənəvi Oxçuluq Məktəbi” layihəsinin ilk təlimi baş tutub. Etnospor Təcrübə Mərkəzinin rəhbəri Furkan bəy əvvəlcə oxçuluğun tarixi, türk mədəniyyətində yeri və rolu, oxçuluq idman növü barədə geniş məlumat verib. Daha sonra Mərkəzin müəllimləri təlim iştirakçıları ilə öz təcrübələrini bölüşüb və onlara oxatmanın sirlərini izah ediblər.
Qeyd edək ki, “Ənənəvi Oxçuluq Məktəbi” 24-29 oktyabr tarixləri ərzində Bakı şəhərində yerləşən müxtəlif orta ümumtəhsil məktəblərində davam edəcəkdir.