Sosial Fəaliyyətlər Şuşanın Ümumtürk Mədəniyyətindəki Rolu Barədə Beynəlxalq Konfrans Keçirilib

Şuşanın Ümumtürk Mədəniyyətindəki Rolu Barədə Beynəlxalq Konfrans Keçirilib

23

Gəncliyə Yardım Fondunda Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə “Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.  Tədbiri Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent Hacı Həsənov açaraq, Azərbaycanda “Şuşa İli”nin elan olunmasının əhəmiyyətindən, ziyalıların bu istiqamətdə dövlətə dəstəyindən bəhs edib. Millət vəkili Ceyhun Məmmədov qalib xalq olaraq, qələbəmizi daha da möhkəmləndirməyin zəruri olduğunu vurğulayıb. Tarixdən nəticə çıxarmalı olduğumuzu deyən C.Məmmədov, Azərbaycanın xilasının Türk Dünyasının birliyində olduğunu qeyd edib. Millət vəkili Vüqar Bayramov Şuşanın həm Azərbaycan, həm də bütün türk dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şuşa ilə bağlı Milli Məclisdə ayrıca qanun qəbul edildiyini xatırladan V.Bayramov, azad edilən ərazilərimizin bərpasına milyardlarla manat vəsait ayrıldığını açıqlayıb. Millət vəkili Jalə Əhmədova da Türk Dünyasında Şuşanın böyük önəminin olduğunu vurğulayıb. O, Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, strateji müttəfiqlikdən bəhs edərək, belə konfransların daha çox keçirilməsinin vacib olduğunu bildirib.

Azərbaycan Vətəndaş Hərəkatının İcraçı direktoru, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü əsasən ziyalıların təmsil olunduğu Hərəkatın yarandığı 3 il ərzində gördüyü işlərdən, keçirdiyi tədbir, görüş, səfərlərdən söz açıb. O, Şuşa və Qarabağla bağlı AVH sıralarında təmsil olunan alimlərin, araşdırmaçıların maraqlı çıxış, kitab, məqalə və s. hazırladığını da diqqətə çatdırıb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Şuşa şəhərini türk əsrinin dirçəliş rəmzi kimi xarakterizə edib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Əhməd Niyazov tarixi həqiqətlərin arxivlərdə olduğunu deyərək, alimlərimizin bu sahədəki qiymətli tədqiqatlarını beynəlxalq aləmə çıxartmaq lazım olduğunu söyləyib. Daha sonra Azərbaycan və dünyanın müxtəlif ölkələrindən tədbridə iştirak edən elm adamlarının Şuşa ilə bağlı konfrans məruzələrini dinlənilib.

Tədbirin sonunda iştirakçılara sertifikarlar verilib və xatirə şəkli çəkilib.