Sosial Fəaliyyətlər Türkiyəyə Dəstək Məqsədilə Yaradılmış “Qardaş Köməyi” Platformasının Təqdimatı Keçirilib

Türkiyəyə Dəstək Məqsədilə Yaradılmış “Qardaş Köməyi” Platformasının Təqdimatı Keçirilib

39

Bu gün “Bakı KOB evi”ndə Azərbaycan Sahibkarlar, Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Gəncliyə Yardım Fondu (GYF) eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platformasının təqdimatı baş tutub.

Azərbaycan sahibkarlarının, biznes assosiasiyaların və ictimai birliklərin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidenti Məmməd Musayev, MÜSİAD Azərbaycan-ın rəhbəri Rəşad Cabirli, TÜİB-in sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin üzrə Rafiq Qarayev, Gəncliyə Yardım Fondunun sədri Ahmet Tecim və Türkiyə Məzunları İctimai Birliyinin sədri Tural Əfəndiyev çıxış ediblər.

Tədbir zəlzələ nəticəsində dünyasını dəyişən qardaş türkiyə vətandaşlarının bir dəqiqəlik sükutla anılmasıyla başlanılıb.

Qeyd olunub ki, dünən gecə saatlarında operativ şəkildə yerli sahibkarlarımızın dəstəyi ilə isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət humanitar yardım tırlara yüklənib. Növbəti mərhələdə Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə bu tırlar Türkiyəyə göndəriləcək. Təqdirəlayiq haldır ki, dəstək prosesində yerli iş adamları şirkətlərinə məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə cəlb edirlər. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək bildirib ki, Azərbaycan və Türkiyə tarix boyu ən çətin anlarda bir-birlərinə dəstək göstəriblər. XX əsrin əvvələrində Azərbaycanın müstəqilliyi üçün yardıma gələn “Qafqaz İslam Ordusu” və Birinci Dünya müharibəsi zamanı Anadoludakı Türk qardaşlarına kömək məqsədilə qurulmuş “Qardaş Köməyi” dərgisini nümunə verən Ahmet bəy yenə ən çətin vaxtda azərbaycanlı qardaşların “Qardaş Köməyi” platforması altında Türkiyədə zələzlədən əziyyət çəkən qardaş və bacılarına dəstək olduğunu bildirib.

Tədbirin sonunda MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri, “Qardaş köməyi” platformasının rəhbəri Rəşad Cabirli platforamaya dair təqdimatla çıxış edib, zəlzələdən zərər çəkənlərə yardım etmək üçün platformanın Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Bildirilib ki, platforma “Səninləyəm Türkiyəm!” yardım kampaniyasına dəstək məqsədilə zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və s. zəruri əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyət göstərəcək. R.Cabirli “Qardaş köməyi” platformasına qoşulmaq istəyənlər üçün açılmış bank hesabı, eləcə də əşya və s. yardımlar üçün ayrılmış yerlər barədə də məlumat verib.

Sonda “Qardaş köməyi” platformasına dair videoçarx təqdim edilib və Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü platforma adından bəyanat səsləndirib.