Mayın 6-da Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə İstanbul Universiteti İlahiyyat fakültəsinin dekanı Prof. Dr. Ramazan Muslunun təqdimatında “Keçmişdən Günümüzə Azərbaycanda Mənəvi Miras” adlı seminar keçirilib.
Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov əvvəlcə Prof. Dr. Ramazan Musluya Akademiyanın məqsədi və fəaliyyətləri barədə ətraflı məlumat verib.
Daha sonra Prof. Dr. Ramazan Muslu Azərbaycanın zəngin mənəvi mirasının olduğunu və bu mirasın Azərbaycanın sərhədlərini aşaraq Anadolu başda olmaqla dünyanın bir çox yerinə yayıldığını bildirib. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Siracəddin Şirvani, Dədə Ömər Rövşəni, İbrahim Gülşəni kimi şəxsiyyətlərin Azərbaycan mənəvi miras tarixində əhəmiyyətli yer tutduğunu və insanların həyatına müsbət yöndə təsirini qeyd edib. Dövlətin və millətin hər zaman öz mənəvi mirasına sahib çıxdığını deyən Prof. Dr. Ramazan Muslu, gəncələrə bu mirası yaxşı öyrənməyi, öyrətməyi, bir sözlə qorumağın vacib olduğunu vurğulayıb.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, BİGA tərəfindən qonağa xatirə hədiyyəsi verilib və fotolar çəkilib.