Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Oğuz rayon Xaçmaz kəndində 71 yaşlı Aydın Məmmədovu, Zaqatala rayonunda yaşayan I qrup əlil 54 yaşlı Ülfət Qazıyevi və Bakı şəhər Qaraçuxur qəsəbəsində yaşayan 8 yaşlı Bəsdi Abdullayevanı yaşadığı ünvanda ziyarət ediblər. Fond əməkdaşaları ehtiyac sahibi ailələrin müraciəti əsasında onlara əlil arabası təqdim edib və həyat şəraitləri ilə yaxından tanış olublar.
Ailələrin dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində yardımlar göstərilir.