Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Fondun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Zamanla Rəqabət Aparan Lider” mövsuzunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən video çarxların izlənilməsi ilə açıq elan edilib.
Daha sonra “Zamana Sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varisçilik fəlsəfəsi” kitabının müəllifi millət vəkili Sadiq Qurbanov çıxış edərək Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı siyasi hərc-mərclikdən xilasın və inkişafın təməlində Heydər Əliyev faktorunun dayandığını, onun uzaqgörən siyasi fəaliyyəti nəticəsində Azərbaycanın regionda sağlam mövqe, etibarlı statusa sahib olduğunu bildirib. Millət vəkili qeyd edib ki, məhz Heydər Əliyev çətin anlarda düzgün qərar qəbul etməsi, SSRİ-də müxtəlif vəzifələrdə çalışmasından etibarən çəkinmədən Azərbaycanın xeyrinə göstərişlər verməsi, təhsil, mədəniyyət, kənd təsərrüfatı, idman, iqtisadiyyat və s. kimi mühüm sahədələrə ciddi əhəmiyyət verməsi ilə Azərbaycanın güclü dövlət olmasına şərait yaradıb.
Tədbirin sonunda çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Heydər Əliyevin “İki dövlət, bir millət” şüarını xatırladaraq ümmummilli liderin Türkiyə və Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət verdiyini, onun siyasi fəaliyyətindən sonra iki dövlət arasında bütün sahələrdə əlaqələrin gücləndiyini, bu gün də İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın onun başlatdığı yolu davam etdirdiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarının sulları cavablandırılıb, millət vəkili Sadiq Qurbanova xatirə hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.