Sosial Fəaliyyətlər “İstiqamət Rəhbərimiz – Hz. Peyğəmbər” Adlı Mövlud Proqramı Keçirilib

“İstiqamət Rəhbərimiz – Hz. Peyğəmbər” Adlı Mövlud Proqramı Keçirilib

52

26 sentyabr tarixində İrfan jurnalının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda Həzrət Peyğəmbərin mübarək doğumuna həsr olunmuş “İstiqamət rəhbərimiz – Hz. Peyğəmbər” adlı proqram keçirilib.

Şəhidlərin əziz xatirəsinə ithaf olunan proqramda Vətən uğrunda canından keçən igid oğullarımız bir dəqiqəlik sükutla yad edilib. İki qardaş ölkə – Azərbaycan və Türkiyənin himni səsləndilib. İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadənin açılış çıxışı ilə başlayan tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icracı direktorunun müavini Ceyhun Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin təhsil koordinatoru Fuad Quliyev, Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının ölkəmizdəki müşaviri İhsan Açık, o cümlədən Diyanət İşləri Başqanlığı Müshəflərin Tədqiqi və Qiraət Qurumu şurasının üzvü, şöhrətli qarı Fatih Okumuş öz ürək sözlərini bölüşüb.

Daha sonra məruzəçilərə söz verilib. Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Sünnə – Peyğəmbəri təsvir edən mozaika kimi” mövzulu məruzəsində peyğəmbəri tanımaq üçün hədislərin əvəzsiz rolundan bəhs edib. Fəlsəfə üzrə fəlsəfə doktoru Rüfət Şirinov “İstiqamət kompası Hz. Peyğəmbər” mövzulu məruzəsində dinin düzgün başa düşülməsində Sünnənin vacibliyindən söz açaraq Quran və Sünnə bütünlüyünü ələ alıb. Gəncliyə Yardım Fondunun əməkdaşı, ilahiyyatçı Sedat Demir “Hz. Peyğəmbərdə əxlaq ölçüləri” adlı məruzəsində Rəsulullahın həyatından ibrətverici nümunələr səsləndirib.

Sonda proqrama ev sahibliyi edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim söz alaraq bu torpaqlarda Peyğəmbər sevgisinin qədim olduğunu və insanların Ona olan dərin məhəbbətini dilə gətirib. Bu sevginin hər zaman canlı tutulmasının əhəmiyyətini vurğulayaraq bizi birləşdirən dəyər olduğunu bildirib. “Bu gün qeyd olunan Mövlud proqramının məhz Şəhidlərin anım gününə təsadüf etməsi və onların əziz xatirəsinə ithaf olunması bir vəfa borcudur”, – deyə o bildirib.

Tanınmış qari Tural Məmmədov tərəfindən oxunan ilahi və qəsidələrlə, eyni zamanda maarifləndirici slaydlarla mənəvi ab-havanın hakim olduğu tədbir xoş anlarla yadda qalıb.