Sosial Fəaliyyətlər GYF-də “Milli Və Mənəvi Dəyərlərin Formalaşmasında Ailə İnstitutunun Rolu” Adlı Tədbir Keçirilib

GYF-də “Milli Və Mənəvi Dəyərlərin Formalaşmasında Ailə İnstitutunun Rolu” Adlı Tədbir Keçirilib

14

21 oktyabr 2023-cü il tarixində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev konfrans zalında “Milli Və Mənəvi Dəyərlərin Formalaşmasında Ailə İnstitutunun Rolu” adlı tədbir keçirilib.

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov salamlama nitqi ilə tədbiri açıq elan edib və layihə haqqında ətraflı məlumat verib. Layihənin həyata keçirilməsinin başlıca məqsədinin gənclərə milli və əxlaqi dəyərlərimiz, adət və ənənələrimiz, ailə dəyərlərimiz haqqında məlumatın verilməsi və gənclərə ailə qurarkən milli dəyərlərimizin təbliğ edilməsinin zəruriliyi barədə olduğununu bildirib.

Daha sonra millət vəkili Məlahət xanım İbrahimqızı mühazirəçi qismində “Milli Və Mənəvi Dəyərlərin Formalaşmasında Ailə İnstitutunun Rolu” haqqında çıxış edib. Məlahət xanım müasir dünyada ailənin qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə milli-mənəvi dəyərlərin formalaşmasında ailə əsas faktordur və bu faktorun aparcı qüvvəsi məhz milli-mənəvi dəyərləri qoruyub onu yaşatmağa çalışan xanımlardır. Dövlətimizin də bu istiqamətdə görülən fəaliyyətlərini dəstəklədiyini bildirən millət vəkili cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır deyə əlavə edib.