Qədim Quran Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında qədim Qurani-kərim sərgisinin açılış mərasimi keçirilib. İlahiyyatçılar, elm adamları, QHT rəhbərləri və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir qari İlkin Həsənzadənin ifasında Qurani-kərim tilavəti ilə açıq elan edilib.
Açılış nitqində Qədim Quran Araşdırmalar Mərkəzinin rəhbəri Nəhayət Hüseynova çıxış edərək sərgininin keçirilməsində dəstək olan Gəncliyə Yardım Fonduna təşəkkür edib. Azərbaycanın müxtəlif rayonlarından toplanan 950 illik ən qədim əlyazmanın da daxil olduğu Quranların 2000-ci ildən etibarən sərgilərinin təşkil edildiyini bildirib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim sərginin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ahmet Tecim çıxışında cəmiyyətimizin və dövlətimizin hər zaman milli-mənəvi dəyərlərinə bağlı olduğu, kitabına sahib çıxdığını vurğulayıb və sərgisinin keçirilməsinin gənc nəslə Quranın aşılanmasında faydalı olacağını, Qurani-kərimlərin təkcə sərgilənməyəcəyini, oxunulacağını da ümid etdiyini ifadə edib.
Daha sonra çıxış edən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Gigiyena və Bərpa laboratoriyasının şöbə müdiri Zaur Orucov Qurani-kərim əlyazmalarının illər keçsə belə yazılarının solmamasınına diqqət çəkib və kağızların, mürəkkəblərin, qələmlərin seçilməsinin, bir sözlə Quran kitablarının ərsəyə gəlməsində mənəvi tərəflərin də rol oynadığını qeyd edib.
Tədbirin sonunda Azərbaycan Yazıçılar birliyi Xəzər bölməsinin üzvü şair Adil Əkbərin təqdimatında şeir, Seyyid Xalidin təqdimatında isə ilahi səsləndirilib. Açılış mərasimindən sonra sərgiyə baxış keçirilib.
Qeyd edək ki, sərgi 29 yanvar-1 fevral tarixləri müddətində saat 10:00-dan 17:00-dək Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında keçiriləcəkdir.