Bu gün Şamaxı rayonu Mərkəz Cümə Məscidinin konfrans zalında Gəncliyə Yardım Fondu tərəfindən çap edilmiş və hafiz şəhid Elgün Quliyevə həsr olunan “Göylərdən Göylərə” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhmət Mustafayev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, şəhid Elgün Quliyevin valideynləri, müəllimləri, döyüş yoldaşları və rayondakı şəhid ailələri iştirak edib.
Təqdimat mərasimi torpaqlarımızın bütövlüyü uğrunda əziz canlarından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbacyan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə açıq elan edilib. Dəyər Tv-nin hazırladığı “Tarix Yazan Şəhid Hafiz Elgün Quliyev” adlı sənədli film izlənilib.
YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxış edərək Elgün Quliyevin tarix müəllimi olmasa da şanlı zəfərlə bitən Vətən mübaribəsində tarix yazdığını və tarix müəllimi olarsa, ən yaxşı müəllim, peşəsində ən yüksək zirvəyə yüksəlməyin mümkün olacağını, fəqət şəhidlik kimi ali məqama çata bilməyəciyini bildirib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim kitabın ərsəyə gətirilməsində zəhmət çəkən şəxslərə təşəkkür edib. Ahmet Tecim kitabın daha çox gənclər tərəfindən mütailə olunmasının və gənclər arasında vətən uğrunda şəhid olan Elgün kimi igidlərin tanınmasının vacib olduğunu qeyd edib.
“Göylərdən Göylərə” kitabını hazırlayan Akif Hüseynli kitabın ərsəyə gəlmə prosesi haqqında çıxış edib. Kitabda daim işğal altında olan torpaqlarımızın azad edilməsi amalı ilə yaşayan Elgünün həyat yolunun işıqlandırıldığını, müəllimləri, ailə üzvləri, dostları və döyüş yoldaşlarının xatirələrinin yer aldığını qeyd edib.
Daha sonra şəhid Elgün Quliyevin müəllimləri, döyüş yoldaşları onun haqqında xatirələrini bölüşüblər, ürək sözləri ilə çıxış ediblər.
Tədbirin sonunda Hacı Mərəhmət Mustafayev şəhidlərin ruhuna dua oxuyub və ehsan süfrəsi açılıb.