İnsani Yardım GYF-də “Əmanətə Sahib Çıxaq, Körpələri Sevindirək” Adlı Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib

GYF-də “Əmanətə Sahib Çıxaq, Körpələri Sevindirək” Adlı Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib

31

Bugün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XX əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfirliyin müşavirləri, hökumət nümayəndələri, elm adamları və QHT rəhbərləri iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim sərgiyə təşrif buyuran hər kəsə ayrı-ayrılıqda təşəkkürünü bildirib. Gəncliyə Yardım Fondunun 32 illik təhsil, insani yardım və sosial fəaliyyətlərindən söz açaraq, artıq ənənə halını almış Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan bu sərginin mahiyyətindən danışıb. Daha sonra mədəniyyətimizin təməlidə olan xeyriyyəçilik işlərindən danışaraq bu ilki xeyriyyə sərgisindən əldə olunan vəsaitin “Əmanətə sahib çıxaq, körpələri sevindirək” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin övladlarına həsr olunacağını vurğulayıb. Azərbaycan Türkiyə qardaşlığının əbədi olduğunu bildirib.

Türkiyə Cumhuruyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfirinin həyat yoldaşı Leyla Bağcı çıxış edərək sərgi əməyi keçən Azərbaycan və Türkiyəli xanımlara öz təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı öz çıxışında tariximizdə xeyriyyəçilik ənənələrinə diqqət çəkib və Türk dünyasında xeyriyyəçik ənənələrindən danışıb.

Türkiyənin Azərbaycandakı səfirliyin Din xidmətləri müşaviri İhsan Açık İslam tarixində qadınların rolu və onların bəşəriyyət tarixinə verdiyi töhfələrdən danışıb.

Türkiyənin Qazi Universitetin protektoru Prof. Dr. Yücel Gelişli Gəncliyə Yardım Fondunun Azərbaycandakı bu kimi xeyriyyə tədbirlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən “Aydınlığa Doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli Gəncliyə Yardım Fondunun hər zaman ehtiyac sahibi insanlara dəstək olduğunu vurğulayıb.

Tədbirin sonunda təşkilat komitəsi adından çıxış edən Cəlalə Nəzəroğlu sərginin ərsəyə gəlməsindəki məqsədlərindən söhbət açıb, bu xeyriyyə işində dəstək olan hər kəsə öz təşəkkürünü bildirib və bütün tədbir iştirakçılarını sərgidə aktiv iştirak etməyə dəvət edib.

Qeyd edək ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar” kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı”, “101 Arzunu Gerçəkləşdir”, “101 Ehtiyac Sahibi Ailəyə Yardım”   “Körpələri Sevindirək”, “Ümidsizlərin Ümidi Ol!”, “Bir Həyata Yol Ver!”, ‎“Şəhidlərimizin Övladları Bizə Əmanətdir” kimi layihələrə həsr edilmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir.

Hər kəsi 3 gün davam edəcək xeyriyyə sərgimizə dəvət edirik.