Mayın 4-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılğı ilə Badamdar Tələbə evində Azərbaycan Kişi İş Adamları Birliyinin sədri Vəfadar Babayev “Biznesmen olunur ya doğulur?!” adlı seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.
BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin çox şey öyrənəcəyini və onların gələcək iş həyatlarında istifadə edə biləcəkləri fikirlərin olacağını qeyd edib.
Daha sonra çıxış edən Vəfadar Babayev öz şəxsi təcrübələrindən yola çıxaraq gənclərə biznesin qurulması və inkişafı ilə bağlı tövsiyələr verib. O, biznes qurulmadan öncə biznes planın hazırlanmasının, fəaliyyət göstəriləcək sahə üzrə bazar araşdırmasının aparılmasının əhəmiyyətini qeyd edib və öncəki təcrübələrə dayanaraq biznes əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Gənclərin biznes fəaliyyətləri zamanı yaranacaq problemlərdə motivasiyadan düşməmələrini, biznesmenliyin bu kimi problemlər zaman formalaşdığını, səhvlərin onları inkişaf etdirəcəyini bildirib.
Seminarın sonunda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən qonağa xatirə hədiyəsi təqdim edilib.