Sosial Fəaliyyətlər Bakıda Türkiyədəki 15 İyul Dövlət Çevrilişinə Cəhdlə Bağlı Konfrans Keçirilib

Bakıda Türkiyədəki 15 İyul Dövlət Çevrilişinə Cəhdlə Bağlı Konfrans Keçirilib

28
 
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin binasında “15 İyul Şəhidlərini anma, Demokratiya və Milli Birlik Günü” mövzusunda konfrans keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri iştirak edib.
 
Konfransın açılışında 15 iyul 2016-ci il tarixində baş verən hadisələri əks etdirən videoçarx göstərilib.
 
Daha sonra Türk Dünyası İqtisad Fakültəsinin dekanı, professor Mehmet Yüce çıxış edib. 15 iyul 2016-ci il tarixində baş verən hadisələrə toxunan M. Yüce həmin hadisələrin Türkiyədə demokratik yolla seçilən hökuməti devirmək məqsədi daşıdığını qeyd edib.
 
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə 15 iyul 2016-cı il hadisələri zamanı çevriliş planını həyata keçirməyə çalışanların planlarına boyun əyməyərək onlarla mübarizə aparan hər kəsin qəhrəman olduğunu bəyan edib. O deyib ki, həmin gün dövlət çevrilişinin qarşısı məhz Türk xalqının misilsiz qəhrəmanlığı sahəsində alınıb. FETÖ terror təşkilatının Türkiyədə fəaliyyət prinsiplərini təhlil edən diplomat bildirib ki, onların planlarını həyata keçirmək üçün əsas məqsədi uşaqların etimadını qazanmaqla, öz çirkin niyyətlərini məhz bu vasitə ilə həyata keçirməkdən ibarət olub.
 
Konfransda o da qeyd olunub ki, 2013-cü ildə də Türkiyə Cümhuriyyətinin iqtisadi strukturları vasitəsilə də dövlət çevrilişinə cəhd olsa da, güc strukturlarının çevik müdaxiləsi ilə bu planın da qarşısı qətiyyətlə alınıb.
 
Bildirilib ki, 15 iyul dövlət çevrilişinə cəhd üzrə ayrı-ayrılıqda istintaqı aparılan cinayət işləri üzrə 750 min nəfər barəsində hüquqi tədbirlər görülüb. Konfrans digər çıxışlarla davam etdirilib.
 
Qeyd edək ki, konfrans salonunun foyesində 15 iyul 2016-cı il hadisələrini əks etdirən sərgi nümayiş etdirilib.