Sosial Fəaliyyətlər COP29-a Beynəlxalq İctimai Dəstək Üçün Beynəlxalq Gənclər Forumu Keçirilib

COP29-a Beynəlxalq İctimai Dəstək Üçün Beynəlxalq Gənclər Forumu Keçirilib

33

Sentyabrın 10-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu keçirilib.

18 ölkənin 24 gənc liderinin, gənclərlə işləyən Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərlərinin və eləcə də ölkəmizin 60-dan çox gənclər təşkilatı rəhbərlərinin və hökumət strukturu təmsilçiləri, ekspert və bir sıra qonaqlar iştirak edib. Tədbirdə Gəncliyə Yardım Fondunu Qoşqar Abbasov təmsil edib.

Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı təmsil edən fəal gənc liderlər, gənclər QHT rəhbərləri, ekspert və mütəxəssislər 4 gün müddətində azərbaycanlı həmkarları ilə qlobal ətraf mühit, iqlim dəyişikliyi problemləri, onunla mübarizə, ekokönüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil edəcək, rəsmi qurumlarla və QHT koalisiyaları ilə görüşlər keçirəcək və bu istiqamətdə davamlı fəaliyyətlər üçün çağırışlar ediləcək.

Forumun yekununda Bakı Bəyannaməsinin qəbulu, COP29-a beynəlxalq ictimai dəstək çağırışı və “İqlim dəyişikliyi və fəal yaşıl iştirakçılıq üzrə” Əməkdaşlıq Şəbəkəsinin qurulması və davamlı inkişafı məsələləri də nəzərdə tutulur.