Sosial Fəaliyyətlər “Peyğəmbər Tərbiyəsində Yetişənlər” Adlı Mövlud Proqramı Keçirilib

“Peyğəmbər Tərbiyəsində Yetişənlər” Adlı Mövlud Proqramı Keçirilib

43

İrfan jurnalı 14 sentyabr tarixində Hz. Peyğəmbərin mübarək doğumunun ildönümü münasibətilə mövlud proqramı keçirib. Gəncliyə Yardım Fondunun ev sahibliyi ilə baş tutan tədbirdə elm adamları, jurnalın oxucu kütləsi, eləcə də T.C. Bakı Böyükelçiliyinin Din Xidmətləri müşaviri İhsan Açık və Türkiyənin Sultanahmet Camesinin imam-xətibi Hasan Kara iştirak edib.

Jurnalın baş redaktoru Nurlan Məmmədzadə tədbirin açılışında iştirakçıları salamlayaraq dünyanın bir çox yerində Hz. Peyğəmbərin dünyaya təşrifinin təntənəli surətdə qeyd edildiyini və bu kimi tədbirlərin onu daha yaxından tanımağa, ona olan sevginin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayıb. Sultanahmet Camesinin imam-xətibi Hasan Karanın Quran tilavəti ilə davam edən tədbirdə daha sonra Din Xidmətləri müşaviri İhsan Açıka söz verilib. O da öz növbəsində Hz. Peyğəmbəri tanımağın, həyatını öyrənməyin və onu örnək almağın əhəmiyyətindən söz açıb.

Daha sonra “Peyğəmbər tərbiyəsində yetişənlər” adlı panelə keçid alınıb. Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Dr. Kövsər Tağıyev “Örnək Peyğəmbər-örnək şəxsiyyət” adlı məruzəsində onun həyatından nümunələr verərək Hz. Peyğəmbərin kamil bir müsəlman kimi formalaşmamıza verdiyi töhfələrdən söz açıb. İlahiyyatçı-yazar Dr. Rüfət Şirinov “Hz. Peyğəmbərin şəxsiyyət formalaşmasına təsir edən davranışları” adlı məruzəsində Rəsulullahın insan yetişdirmə metodlarına işıq tutub. Daha sonra Dr. Şahin Xancanov “Rəhmət Peyğəmbəri və gənclər” adlı çıxışında Hz. Peyğəmbərin gənclərlə münasibətindən, onları şəxsiyyət kimi formalaşdıraraq cəmiyyətin ali təbəqələrinə yüksəltməsindən bəhs edib. Sonra tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim söz alaraq bu kimi tədbirlərin nə qədər əhəmiyyətli olduğunu vurğulayıb. Bu torpaqlarda Peyğəmbər sevgisinin dərin olmasından və bu sevginin həyatımıza verdiyi istiqamətdən danışıb. Tədbirin sonunda qonaqlara hədiyyələr təqdim edilib.

Eyni zamanda daha əvvəl İrfan jurnalı tərəfindən keçirilən “Oxu müsabiqəsi”nin qalibləri elan olunaraq 2-ci yerin qalibi Elməddin Rəsulova sertifikat və mükafat təqdim olunub.