Sosial Fəaliyyətlər DGTYB-nin Yubiley Mərasimində GYF Rəhbəri Medalla Təltif edilib

DGTYB-nin Yubiley Mərasimində GYF Rəhbəri Medalla Təltif edilib

6

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının I Bakı forumu” layihəsi çərçivəsində Birliyinin yaradılmasının 25 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, elm adamları, QHT təmsilçiləri, mədəniyyət və incəsənət nümayəndələri, şair və yazıçılar, müxtəlif ölkələrdən olan qonaqların və ziyalılar iştirak edib.

Tədbir açıq elan edən DGTYB-nin başqanı İntiqam Yaşar çıxışında təşkilatın illər ərzində gördüyü fəalliyyət haqqında məlumat verib və yubiley ilində keçiriləcək formun əhəmiyyətindən bəhs edib.

Təşkilatın Məsləhət Şurasının başqanı Əkbər Qoşalı 25 illik tarixində görülən işləri xatırladaraq bildirib ki, Dünya Gənc Türk Yazarlar Birliyi Türk dünyasının gənc yazarları arasında əsl mənəvi körpüdür.

Millət vəkili Fazil Mustafa çıxış edərəkək türk birliyinin möhkəmlənməsində türkdilli ədəbiyyat da yaxından iştirak etdiyini vurğulayıb və “Türk birliyi möhkəmlənməli, genişlənməlidir. Bunun üçün türkdilli yazarlar, şairlər daha sıx birləşməlidirlər. Ortaq Türk Əlifbasının yaradılması da bu məsələdə öz töhfəsini verəcək.”, – deyə sözlərinə əlavə edib.

Gəncliyə Yardım Fondunun prezidenti Əhmət Tecim isə türk-islam mədəniyyətinin sevgi və ədalət üzərində bərqərar olduğunu xatırladıb. O, gənc yazarların bu amal naminə ən aparıcı qüvvə olması zərurətini diqqətə çatdırıb: “Bakıda yaradılmasına baxmayaraq, DGTYB-nin səs-sədası uzaq-uzaq ellərdən gəlir. Bu qurum sözün əsl mənasında sərhəd tanımır”.

Digər natiqlər də təşkilatın cəmiyyətimizdə, türk dünyasında gördüyü işlərdən söz açıblar, gənc türk yazarlarına gələcəkdə daha böyük nailiyyətlər arzulayıblar. Sonda bir qrup ziyalı Dünya Gənc Türk Yazarlar Birliyinin yubiley medalı ilə mükafatlandırılıb, müxtəlif türk ölkələrindən gələn şairlər poetik nümunələr səsləndiriblər.

Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətlərinə yaxından göstərdiyi dəstəyə görə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim medalla təltif edilib.