Uncategorized GYF Rəhbərliyi Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin İkinci Filialının Açılışında İştirak Edib

GYF Rəhbərliyi Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin İkinci Filialının Açılışında İştirak Edib

10

Oktyabrın 7-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin ikinci filalının – Gənclik kampusunun açılış mərasimi keçirilib. Açılış tədbirində Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Serdar Gündoğan, Milli Məclisin deputatları, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun idarə heyətinin üzvləri, iş adamları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Beynəlxalq təhsil proqramının intensiv tədris olunduğu Azərbaycan Beynəlxalq Maarif Məktəbləri yeni kampusu ilə birlikdə 1000-ə yaxın şagirdə təhsil imkanları təqdim edir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, T3 Vəqfi ilə birgə qurulmuş “Bilim-Maarif” otağı, laboratoriyalar, kitabxana, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Türkiyə Maarif Vəqfinin peşəkar heyəti tərəfindən hazırlanan Beynəlxalq Maarif Məktəblərinin təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən yeni kampusda əsas fənlərlə yanaşı, dərsdənkənar dərnəklər də fəaliyyət göstərəcək. Maarif məzunları Türkiyənin dövlət universitetlərinə qəbul olduğu zaman təhsil haqqından tamamilə azad olur.

Qeyd edək ki, Türkiyə Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açmaq səlahiyyətinə malik dövlət qurumudur. Qədim Anadolu irfanını mənimsəmiş, müasir elmi bilikləri öyrənən və tətbiq edən, vicdanlı, ağıllı, aktiv və iradəli xarakterə sahib insanlar yetişdirməyi hədəfləyən Türkiyə Maarif Vəqfinin dünyanın 54 ölkəsində yerləşən 477 təhsil müəssisəndə 52 mindən çox şagird təhsil alır.