Təhsil Fəaliyyətləri Bəxtiyar Vahabzadənin 100 İlliyinə Həsr Olunmuş Kitab Oxuma Proqramı Keçirilib

Bəxtiyar Vahabzadənin 100 İlliyinə Həsr Olunmuş Kitab Oxuma Proqramı Keçirilib

15

Gəncliyə Yardım Fondu və Bakı İstedadlı Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illiyə həsr olunmuş kitab oxuma proqramı keçirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Fondun Bakı Təhsil koordinatoru Nizami Əfəndiyev, Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov, müəllimlər və tələbələr iştirak edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Müasir dövrdə mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxan, ədəbiyyat səhifələrini vərəqləyən gəncləri görməkdən xoşhal olduğunu deyən Ahmet Tecim bildirib ki, Bəxtiyar Vahabzadə Türk dünyasının ortaq şairidir, onun yaradıcılığını oxuyan insanlar şeirlərdə türk düşüncəsinin, mədəniyyətinin və dəyərlərinin şahidi olur.

Təhsilin kitabla, mədəniyyətimizin “oxu” məfhumu üzərində inşa edilməsi ilə başladığını xatırladan Fondun Bakı Təhsil koordinatoru Nizami Əfəndiyev kitabın insan düşüncəsinə və dünyagörüşünə qazandırdığı miras haqqında çıxış edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov çıxış edərək layihə məqsədi barədə iştirakçıları məlumatlandırıb və göstərdiyi dəstəyə görə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə təşəkkür edib.

Daha sonra layihə çərçivəsində əvvəlcədən müəyyən edilərək oxunan kitabların müzakirəsi baş tutub.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.