Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinin yekunu olaraq “Bizim Ailəmiz Türk Dünyasıdır” adlı tədbir keçirilib.
Tədbirdə millət vəkilləri Vüqar İskəndərov və Elçin Mirzəbəyli, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk xanım Turganer, Türkiyə səfirliyinin mətbuat müşaviri Dr. Cihangir İşbilir, Türkmənistan və Qazaxıstan səfirliyinin nümayəndələri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, QHT rəhbərləri, elm adamları, media nümayəndələri və bir sıra qonaqlar iştirak edib.
Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan dövlət himnləri səsləndirilib.
Daha sonra tədbir Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, araşdırmaçı-yazar Əkbər Qoşalının moderatorluğu ilə millət vəkilləri və qonaqların çıxışları ilə davam edib.
Qeyd edək ki, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Türk dünyası mədəni əlaqələrinin inkişafında yaxından göstərdiyi dəstəyə və “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinə verdiyi dəstəyə görə təltif edilib.















