Sentyabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Kürşad Zorlu, Azərbaycan və Türkiyə millət vəkilləri, Türkiyə səfirliyinin müşavirləri və Gəncliyə Yardım Fondunun rəhbərliyinin iştirakı ilə Bakı Türk Anadolu Liseyinin yeni Əhmədli korpusunun açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb və ardınca milli folklor proqramı təqdim edilib.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uzunmüddətli perspektivdə regionun intellektual inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin çıxışında təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirərək Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib, Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm bir addım olduğunu bildirib.
Mərasim çərçivəsində xatirə ağacı əkilib, simvolik lentkəsmə mərasimi baş tutub və qonaqlar yeni tədris binası ilə yaxından tanış olublar.









