TÜRKPA-nın təşkilatçılığı ilə böyük ədib, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə möhtəşəm beynəlxalq simpozium keçirilib. Tədbirin birinci hissəsi TÜRKPA-nın mərkəzi ofisində, ikinci hissəsi isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında baş tutub.
“Bəxtiyar Vahabzadənin Dostlarının Görüşü” adlı simpoziumda Azərbaycan və Türkiyədən millət vəkilləri, Qırğızıstan və Qazaxıstandan görkəmli alimlər, şairlər, şairin zəngin irsinin tədqiqatçıları və gənclər iştirak ediblər.
Simpoziumda Bəxtiyar Vahabzadənin yaradıcılığının türk dünyasında oynadığı mühüm rol, ədəbi irsinin çağdaş nəsillərə ötürülməsi və onun poeziyasının milli-mənəvi dəyərlərin qorunmasındakı yeri barədə dərin müzakirələr aparılıb.
Tədbirdə Gəncliyə Yardım Fondu da təmsil olunub. Fondun nümayəndəsi Eldar Kərimov məruzə ilə çıxış edərək, Bəxtiyar Vahabzadənin irsinin gənclər üçün böyük bir məktəb olduğunu və bu cür tədbirlərin dostluq bağlarının möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Simpozium iştirakçılarının fikrincə, bu görüş həm türk dövlətləri arasında dostluğun, həm də ədibin zəngin irsinə sədaqətin parlaq təzahürünə çevrilib.



