Oktyabrın 22-də Türkiyə Kocaeli Universiteti İlahiyyat fakültəsinin qurucu dekanı professor Abdullah Kahraman və Ankara Hacı Bayram Veli Universiteti fəlsəfə kafedrasının müdiri professor Cevdet Kılıç Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar ziyarət çərçivəsində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşüb.
Görüşdə Ahmet Tecim Fondun həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verib.
Daha sonra isə professor Abdullah Kahraman və professor Cevdet Kılıçın iştirakı ilə “Elm və irfan məclisi” keçirilib. Qonaqlar akademik karyeraları müddətində yaşadıqları təcrübələrlə bağlı çıxış ediblər.





