Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə görüşüb.
Görüşdə cənab səfir “Maarif və Gənclik” mövzusu ətrafında çıxış edib. Professor Birol Akgün gənclərə təhsil aldıqları ixtisası dərindən mənimsəyərək gələcəkdə işlərinin peşəkarı olmaları və şəxsi inkişafa fokuslanmaları barədə öz tövsiyyəsini bölüşüb. Tarixə nəzər saldıqda türk dövlətlərinin geniş coğrafiyaya yayıldığını və hökmranlıq etdiyini, ədalət və mərhəməti təmsil etdiyini, elmin və mədəniyyətin mərkəzi hesab edildiyi bildirən cənab səfir qeyd edib ki, gənclər örnək kimi əvvəlcə ənənəmizə, keçmişimizə baxmalıdır. Professor Birol Akgün daha sonra gənclərin suallarını cavablandırıb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgünə görüşdə iştirak etdiyi üçün təşəkkür edib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının Azərbaycan və Türkiyə münasibətlərinin simvoluna çevrildiyini, həmçinin iki dövlətin siyasi, iqtisadi və mədəni əlaqələrinin yüksək həddə olduğunu qeyd edib.
Sonda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tərəfindən cənab səfir Birol Akgünə plaket tədim olunub.
























