Sosial Fəaliyyətlər GYF-də “Bəxtiyar Vahabzadə 100: Səsimiz, Sözümüz, Kimliyimiz” Adlı Elmi-Bədii Tədbir Keçirilib

GYF-də “Bəxtiyar Vahabzadə 100: Səsimiz, Sözümüz, Kimliyimiz” Adlı Elmi-Bədii Tədbir Keçirilib

22
Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi və İpəkyolu Nəşriyyatının birgə təşkilatçılığı ilə “Bəxtiyar Vahabzadə 100: Səsimiz, Sözümüz, Kimliyimiz” adlı elmi-bədii tədbir keçirilib. Tədbirdə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr, elm adamları, ictimaiyyət nümayəndələri iştirak edib.
 
Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin, əsərləri ilə milli kimlik şüurunu aşılayan Bəxtiyar Vahabzadənin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət himni və qardaş Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib. Daha sonra isə Dəyər Tv tərəfindən hazırlanan “Xalq şairi Bəxtiyar Vahabzadə” adlı qısa video təqdim edilib.
 
Ahmet Tecim tədbirin açılış nitqində Bəxtiyar Vahabzadənin əsərlərinin milli kimliyin qorunması və gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşması, milli-mənəvi dəyərlərə sadiqlik, ana dili və vətənə bağlılıq baxımından bu gün də aktuallığını qoruduğunu bildirib.
Dünya Gənc Türk Yazarlar Birliyinin idarə heyətinin üzvü Şükür Əli çıxışında Bəxtiyar Vahabzadənin yaradıcılığının türk dünyasının gənc şair və yazıçılarına örnək olduğunu qeyd edib.
 
Bəxtiyar Vahabzadənin qızı Gülzar xanım çıxış edərək dahi şair haqqında öz xatirələrini bölüşüb.
 
Şairin Ev Muzeyinin direktoru Elşən Zəkəryəbəyli muzey və şairin əsərləri haqqında çıxış edib.
 
Son olaraq çıxış edən Saleh Zeki Meriç bildirib ki, türk deyiləndə şair üçün hər şeyin mənası dəyişilərdi. O, millətinin içində yüksələn fəryad idi, vətəninin əsarətdə olmasını ədəbi dillə hayqırardı. Bəxtiyar Vahabzadə milli ruhda yazdığı əsərləri ilə gənclərə, bizlərə doğru isitqamət verib, verir və gələcəkdə də verəcəkdir, deyə Saleh Zeki Meriç qeyd edib.
 
Daha sonra tədbirin panel hissəsi baş tutub. Azərbaycan Universitetinin müəllimi t. f. d. Abbas Qurbanov moderatorluğu ilə Azərbaycan Respublikası Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi eksperti Əkbər Qoşalı, Azərbaycanın Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu direktorunun müavini professor Əlizadə Əsgərli, Dəyər TV-nin direktoru, araşdırmaçı-yazar Dr. Eldar Kərimov məruzə ilə çıxış ediblər. Aktyor Elgün Həmidov isə dahi şairin şeirlərini səsləndirib.
 
Sonda təşkilat komitəsi tərəfindən qonaqlara və məruzəçilərə xatirə hədiyələri təqdim olunub.