“Bir Uşağın Sabahına İşıq Ol!” 22-ci Ənənəvi Xeyriyyə Sərgisi Keçirilib

5 iyun 2026-cı il tarixində Azərbaycan və Türkiyədən olan könüllü xanımların təşəbbüsü ilə “Bir uşağın sabahına işıq ol!” şüarı altında 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib. Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına Konfrans Zalında təşkil olunan sərgi iki ölkənin xanımlarının xeyirxahlıq, həmrəylik və yardımlaşma ənənələrinin növbəti nümunəsi olub.

Sərginin açılış mərasimində diplomatik nümayəndəliklərin müşavirləri, ictimai xadimlər, elm adamları, media nümayəndələri, Türkiyənin qeyri-hökumət təşkilatlarının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən Türkiyə məktəblərinin rəhbərləri və iş adamları iştirak ediblər.

Tədbir torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.

Gəncliyə Yardım Fondunun Prezidenti Salih Zeki Meriç çıxışında Azərbaycan xalqının tarixən ehtiyacı olan insanlara dəstək göstərməyi, paylaşmağı və yardımlaşmağı mənəvi borc hesab etdiyini bildirib. O, xeyriyyəçiliyin yalnız maddi yardım deyil, həm də vicdanın, mərhəmətin və insan sevgisinin təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Türkiyə xalqlarının ortaq mədəniyyətində yardımlaşmaq, qonşuya sahib çıxmaq və kimsəsizin əlindən tutmaq əsrlər boyu yaşadılan ali insani dəyərlərdəndir.

Türkiyə Cümhuriyyətinin Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünün həyat yoldaşı Zöhrə Akgün çıxışında sərginin ərsəyə gəlməsində əməyi olan Azərbaycan və Türkiyə xanımlarına təşəkkürünü bildirib. O, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yalnız siyasi və iqtisadi sahələrdə deyil, xeyriyyəçilik və sosial həmrəylik kimi mənəvi dəyərlərdə də özünü göstərdiyini qeyd edib. Sərgidə nümayiş olunan birlik və paylaşma ruhunun hər iki cəmiyyətin ən gözəl xüsusiyyətlərindən biri olduğunu vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışında xeyriyyəçilik təşəbbüslərinin cəmiyyətlər arasında həmrəyliyi gücləndirdiyini və sosial məsuliyyət hissini artırdığını bildirib. O, könüllü xanımlara təşəkkür edərək sərginin təşkilatçılarına uğurlar arzulayıb.

“Bizim Ailə” jurnalının baş redaktoru, sərginin təşkilat komitəsinin nümayəndəsi Dr. Gülnarə Seyidova çıxışında təşəbbüsün yaranma məqsədi və 22 illik ənənəsi haqqında məlumat verib. O, Azərbaycan və Türkiyə xanımlarının könüllü əməyi ilə ərsəyə gələn sərginin əsas məqsədinin ehtiyac sahibi uşaqlara dəstək olmaq olduğunu bildirib. Qeyd edib ki, builki sərgidən əldə olunacaq vəsait valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil xərclərinin qarşılanmasına və ehtiyac sahibi ailələrin övladlarına dəstək göstərilməsinə yönəldiləcək.

Türkiyənin Azərbaycandakı Din Xidmətləri müşaviri İhsan Açık çıxışında xeyriyyəçiliyin İslam dinində və milli-mənəvi dəyərlərimizdə mühüm yer tutduğunu vurğulayıb. O, bu kimi təşəbbüslərin cəmiyyətdə mərhəmət, paylaşma və yardımlaşma ruhunu gücləndirdiyini qeyd edərək sərginin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

Qeyd edək ki, iki gün davam edən 22-ci Ənənəvi Xeyriyyə Sərgisi Azərbaycan və Türkiyə xanımlarının könüllü əməyi, təşəbbüskarlığı və həmrəyliyi sayəsində ərsəyə gəlib. Sərgidən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil xərclərinə və ehtiyac sahibi ailələrin övladlarına dəstək məqsədilə istifadə olunacaq.

22 ildir davam edən bu xeyriyyə ənənəsi bir daha göstərir ki, bir uşağın gələcəyinə işıq salmaq üçün bəzən bir qrup insanın səmimi niyyəti və könüllü əməyi kifayətdir.