Mayın 21-də Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisinin açılışı keçirilib. Açılış tədbirində Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, tarixçilər, Ahıska türklərinin təmsilçiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün və Ahıska türklərinin nümayəndələri çıxış edərək tarixi yaddaşın qorunması və bu cür sərgilərin təşkilinin gənc nəsillərin öz tarixini daha yaxından tanıması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Qeyd edək ki, sərgi 1944-cü ildə Ahıska türklərinin doğma torpaqlarından deportasiya edilməsinin tarixi və nəticələrinə həsr olunub. Ekspozisiyada Ahıska türklərinin sürgün zamanı və sonrakı dövrlərdə yaşadıqları hadisələri əks etdirən tarixi sənədlər, fotoşəkillər və şahidliklər təqdim olunur.
