Azərbaycan və Türkiyə xanımlarından ibarət könüllülərin təşəbbüsü ilə keçirilən “Bir uşağın sabahına işıq ol” adlı ənənəvi 22-ci Əl İşləri Xeyriyyə Sərgisinin yekun mərhələsi – hədiyyələrin təqdimat mərasimi baş tutub.
Gəncliyə Yardım Fondunun Hacı Zeynalabidin Tağıyev adına konfrans zalında keçirilən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.
Gəncliyə Yardım Fondunun Prezidenti Salih Zeki Meriç çıxış edərək xeyriyyə sərgisinin 22 illik ənənəsindən bəhs edib. O, təşəbbüsün əsas məqsədinin uşaqlara sevinc bəxş etmək və onların gələcəyinə ümid işığı salmaq olduğunu bildirib. Azərbaycan və Türkiyə xanımlarının bu nəcib təşəbbüsdə göstərdikləri fədakarlığı və həmrəyliyi yüksək qiymətləndirib.
Türkiyə Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünün xanımı Zöhrə Akgün çıxışında xeyriyyə təşəbbüslərinin cəmiyyət üçün əhəmiyyətindən bəhs edib. O, Azərbaycan və Türkiyə xanımlarının birgə həyata keçirdikləri bu layihənin qardaşlıq və həmrəyliyin gözəl nümunəsi olduğunu qeyd edib.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Fuat Kayhan çıxışında uşaqların gələcəyinə yönəlmiş sosial və xeyriyyə layihələrinin cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib. O, bu cür təşəbbüslərin cəmiyyətin müxtəlif təbəqələrini xeyirxah məqsədlər ətrafında birləşdirdiyini vurğulayaraq könüllü xanımlara və tədbirə dəstək göstərənlərə təşəkkürünü bildirib.
“Ümid yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova uşaqlara göstərilən diqqət və qayğının onların həyatında mühüm rol oynadığını qeyd edib. O, “Bir uşağın sabahına işıq ol” təşəbbüsünün uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyətin diqqətini onların ehtiyaclarına yönəltməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Xüsusi təyinatlı şəhid Kamil Şirinovun həyat yoldaşı Zəhra Şirinli şəhid ailələri adından çıxış edərək tədbirin təşkilində əməyi olan könüllü xanımlara və uşaqlara göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, şəhid ailələrinə və uşaqlara göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb.
Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açık çıxışında xeyirxahlıq, mərhəmət və yardımlaşmanın cəmiyyət üçün mühüm mənəvi dəyərlər olduğunu qeyd edib. O, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bu kimi sosial və humanitar təşəbbüslərlə daha da möhkəmləndiyini vurğulayıb.
Tədbirin sonunda layihə çərçivəsində Azərbaycan və Türkiyə xanımlarının könüllü əməyi ilə hazırlanmış hədiyyələr uşaqlara təqdim olunub.
22 ildir davam edən bu xeyriyyə ənənəsi könüllülüyün, qadın həmrəyliyinin və uşaqlara sevginin gözəl nümunəsi olaraq bir daha öz mənəvi dəyərini nümayiş etdirib.
