13 sentyabr tarixində “İrfan” jurnalının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Hz. Peyğəmbərin dünyaya gəlişinin 1500 illiyi ilə bağlı olaraq “Həzrət Məhəmmədin Əsrimizə Mesajı” adlı mövlud tədbiri keçirilib.
Tədbirdə Türkiyə Respublikası Lefkoşa Səfirliyinin Din Xidmətləri müşaviri Dursun Əli Coşqun, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı nümayəndəliyinin rəhbəri Mahmut Ağırman, Türkiyənin Azərbaycandakı səfirliyinin Əmək və Sosial Təhlükəsizlik müşaviri professor Fatih Bilal Alodalı, Bakı Türk Anadolu liseyinin müdiri Abdullah Yılmaz, elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər
Mövlud tədbiri Qurani-Kərim tilavəti ilə başlayıb, daha sonra isə Türkiyə İbn Haldun Universitetinin Himayəçilər şurasının sədri professor İrfan Gündüz və Sabahattin Zaim Universiteti İlahiyyat fakültəsinin dekanı professor Hasan Kamil Yılmaz məruzə ilə çıxış ediblər.
Professor İrfan Gündüz Hz. Peyğəmbərlə eyniləşməyin, əxlaqı ilə əxlaqlanmağın əhəmiyyətini vurğulayıb. Onun hər bir hərəkətinin bizim üçün bu gün də nümunə olduğunu bildirən məruzəçi: “Siz atəşin ətrafında dönən pərvanə kimisiniz. Mən ətəyinizdən tutub sizi o təhlükədən uzaqlaşdırmağa çalışıram”, – hədisinə xüsusi diqqət çəkərək onun mərhəmətinin, əxlaqi dəyərlərinin, hər bir hərəkətinin hər zaman bizim üçün çıxış yolu təqdim etdiyini qeyd edib.
Professor Hasan Kamil Yılmaz çıxışında Hz. Peyğəmbərin dövrümüzdə də aktual olan mühüm mesajlarına diqqət çəkib. Mövlud tədbirlərinin Quranı bizə gətirən, canlı Quran sayılan Hz. Məhəmmədi gündəmdə tutmağa, onu tanımağa və özümüzə nümunə götürməyə vəsilə olduğunu vurğulayıb. Onun gətirdiyi mesajların, xüsusilə tövhid, mərhəmət, ədalət və əxlaq kimi dəyərlərin bu günün insanı üçün də dərman mahiyyətində olduğunu bildirib.
Sonda çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç tədbirin əhəmiyyətindən bəhs edərək qonaqlara və iştirakçılara minnətdarlığını bildirib, Peyğəmbərimizin həyatının və əxlaqının cəmiyyətə düzgün çatdırılmasının və təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb. O, öz çıxışında həmçinin bu cür mənəvi-maarifləndirici tədbirlərin insanların mənəvi dünyasının zənginləşməsində və birliyində mühüm rol oynadığını vurğulayıb.
