Gəncliyə Yardım Fondunda “27 Sentyabr – Anım Günü”nə Həsr Olunmuş Tədbir Keçirilib

Zirvə Gənclərin İnkişaf Platforması və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov çıxış edərək bildirib ki, şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq. Onların Vətən sevgisi, mərdliyi və mübarizliyi gənc nəsil üçün hər zaman örnək olacaq. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq irsini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Zirvə Gənclərin İnkişaf Platformasının sədri Maqsud Əhmədzadə bildirib ki, Vətənimiz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizi minnətdarlıq və sonsuz ehtiramla yad edirik, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu, mayor Anar Quliyev və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dissertantı, Azərbaycan Milli Konservatoriyası nəzdündə Musiqi Kollecinin tarix müəllimi Rasim Rzaxanov çıxış ediblər.
Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda şəhid olan qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu, göstərdikləri igidliklər və tarixi-siyasi proseslərdən bəhs olunub.