Ege Universitetinin rektoru Gəncliyə Yardım Fondunu ziyarət edib

Türkiyə Cümhuriyyəti İzmir Ege Universitetinin rektoru Prof. Dr. Musa Alcı Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət zamanı rektor Fondun prezidenti Salih Zeki Meriç ilə görüşərək Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı fikir mübadiləsi aparıb.

Görüş çərçivəsində Salih Zeki Meriç Ege Universitetinin rektoru Prof. Dr. Musa Alcıya Gəncliyə Yardım Fondunun sosial, humanitar, xeyriyyə və gənclərlə bağlı həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O, Fondun fəaliyyətində gənclərin təhsilinə, inkişafına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Eyni zamanda milli-mənəvi dəyərlərin gənc nəslin formalaşmasındakı rolunu vurğulayıb.

Prof. Dr. Musa Alcı göstərilən səmimi qonaqpərvərliyə görə Salih Zeki Meriçə təşəkkürünü ifadə edib. Gəncliyə Yardım Fondunun fəaliyyəti ilə tanış olan Ege Universitetinin rektoru Fond tərəfindən həyata keçirilən sosial və ictimai yönümlü layihələrin əhəmiyyətli və faydalı olduğunu qeyd edib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları və gələcəkdə həyata keçirilə biləcək birgə layihələr barədə də fikir mübadiləsi aparılıb.