Millət vəkilləri Gəncliyə Yardım Fondunun qonağı olublar

Milli Məclisin deputatları Vüqar Rəhimov və Elçin Mirzəbəyli Gəncliyə Yardım Fondunun qonağı olublar. Ziyarət çərçivəsində qonaqlar Fondun prezidenti Salih Zeki Meriç ilə görüşüblər.
 
Görüş zamanı Salih Zeki Meriç Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclərin inkişafına yönəlmiş təşəbbüsləri barədə ətraflı məlumat verib. Salih bəy qeyd edib ki, gənclərin elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahələrində fəal iştirakının dəstəklənməsi Fondun əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.
 
Görüşdə Azərbaycan gənclərinin potensialının üzə çıxarılması, onların ictimai proseslərdə fəal iştirakının təşviqi, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması və gənclərə yönəlmiş yeni layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Millət vəkilləri Gəncliyə Yardım Fondunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşərək, gənclərin inkişafına xidmət edən, mili mənəvi dəyərlər, mədəniyyətə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.