MÜSİAD Azərbaycan Təşkilatlanma, Üzv Qəbulu və Üzvlərlə Əlaqələr Komissiyasının təşkilatçılığı ilə “Ənənəvi Səhər Yeməyi” proqramı keçirilib. Proqramda Türkiyənin Azərbaycandakı Səfirliyinin müşavirləri, Səfirliyə bağlı qurumlarının nümayəndələri, MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, dərnəyin üzvləri, GƏNC MÜSİAD Azərbaycan nümayəndələri, Gəncliyə Yardım Fondunun rəhbərliyi və bir sıra qurumların rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan dərnəyin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıya qoyulan strateji hədəflər barədə məlumat verib. Sədr çıxışında, həmçinin, səlahiyyət müddəti başa çatan Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət üzrə baş müşaviri Murat Yamana Azərbaycan-Türkiyə iqtisadi və ticarət əlaqələrinin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Proqram çərçivəsində, həmçinin, MÜSİAD Azərbaycanın ikinci dövr sədri, Məşvərət Şurasının üzvü Rəşad Cabirlinin atası, əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş “Zaman gələr, zaman gəlməz” kitabının təqdimatı keçirilib.
Səmimi fikir mübadiləsi və qarşılıqlı ünsiyyət şəraitində keçən proqram MÜSİAD Azərbaycan üzvləri, diplomatik nümayəndəliklərin və əlaqəli qurumların təmsilçiləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirəsinə və üzvlərarası münasibətlərin inkişafına töhfə verib.
