Gəncliyə Yardım Fondu Rəhbərliyi Bakı Yunus Emre İnstitutunu Ziyarət Edib

Sentyabrın 21-də Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç və nümayəndə heyəti Bakı Yunus Emre İnstitutunu ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi Bakı Yunus Emre İnstitutunun rəhbəri Gökhan Seyhan ilə görüşüb.
Gökhan Seyhan Bakı Yunus Emre İnstitutu tərəfindən həyata keçirilən mədəni-maarifləndirici layihələr, ədəbiyyat və sənət proqramları, sərgilər, konsertlər, kitab təqdimatları, yazıçı və şairlərlə görüşlər, eləcə də müxtəlif mövzularda təşkil olunan müzakirə və seminarlar haqqında danışıb. Xüsusilə gənclərin mədəni layihələrə cəlb olunmasının, ortaq ədəbi və tarixi irsin tanıdılmasının və iki ölkənin yaradıcı insanları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Salih Zeki Meriç iki qardaş ölkə arasında əlaqələrin gücləndirilməsi, müştərək mədəni-maarifləndirici layihələrin həyata keçirilməsi, həmçinin elm, ədəbiyyat, tarix və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları, birgə mədəni tədbirlərin keçirilməsi və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.